Bir çox insan psixoloqa yalnız vəziyyət çox ağırlaşanda müraciət edir.
Hər şey yığılandan sonra.
Artıq dözülməz olandan sonra.
Artıq tək başına daşımaq mümkün olmayanda.
Bu vəziyyətdə psixoloq “son addım” kimidir amma psixoloqa müraciət etmək üçün həyatın dağılmasını gözləmək lazım deyil.
Niyə insanlar psixoloqa gec müraciət edir?
Çox vaxt insanlar belə düşünür:
“Özüm həll edə bilərəm.”
“Bu o qədər də ciddi deyil.”
“Keçib gedər.”
Bir çox zaman da insan hiss etdiklərini belə adlandıra bilmir.
İçində duyduğun o narahatlıq “problem” kimi görünmür.
Bu səbəbdən də gecikdirirsən.
Psixoloqa müraciət etmək üçün “böyük problem” lazımdırmı?
Xeyr.
Psixoloqa müraciət etmək üçün mütləq böyük bir hadisə yaşamaq lazım deyil.
Bəzən səbəb çox daha sadə olur:
– özünü tez-tez narahat hiss edirsən
– bəzi vəziyyətlərdə reaksiyaların səni təəccübləndirir
– eyni şeylər təkrar olur
– daxilində izah edə bilmədiyin gərginlik duyursan
Bunlar “kiçik” görünə bilər amma əslində çox böyük məsələləri ortaya çıxarır.
Bununla bərabər xatırlatmağa xüsusilə ehtiyac duyuram, balaca dediyin hər hansı hadisə həqiqətən də düşündüyün kimi “balaca” olmaya bilər, sadəcə bununla baş etmək üçün zehnin yaşadığın hadisənin “içini boşaldır” yəni balacalaşdırır, çünki bunu həqiqətdə olduğu halı ilə yox yalnız və yalnız balacalaşdıraraq daşımaq mümkün olur (Bax və işlə; Gözəl Həyatlar / Qoruma Mexanizmlərimiz)
Erkən siqnallar: dəstək almaq nə vaxt faydalı ola bilər?
Bəzən insanın daxilində dəyişikliklər çox səssiz başlayır.
Diqqət edə biləcəyin bəzi siqnallar:
– tez-tez yorğun və ya boş hiss edirsən
– əvvəllər səni narahat etməyən şeylər artıq sənə təsir etməyə başlayır
– emosiyalarını başa düşmək çətinləşir
– bəzən səbəbsiz yerə gərginlik yaşayırsan
– özünlə tək qalmaq çətinləşir
– düşüncələr təkrar-təkrar eyni yerə qayıdır
Bu hallar həmişə “problem” demək deyil amma diqqətə ehtiyacı olan daxili vəziyyətin əsas göstəricilərindəndir.
Terapiyaya erkən başlamağın fərqi nədir?
İnsan psixoloqa çox gec müraciət edəndə adətən zehnində bir çox şey yığılmış olur, bu özünü insanın yaşamında, davranışlarında həm daha sadə həm də müəyyən ataklar, psixi pozuntular və ya onların başlanğıcı şəklində göstərə bilir.
Terapiya isə təkcə “problemi həll etmək” üçün deyil.
Bu:
– özünü daha tez anlamaq
– bəzi şeyləri böyümədən görmək
– daxili reaksiyalarınla tanış olmaq
üçün bir imkandır.
Bəzən erkən mərhələdə dayanıb baxmaq sonradan yaşanacaq daha ağır proseslərin qarşısını ala bilər.
Bəlkə də ən vacib hissə:
Psixoloqa müraciət etməməyin güclü olmaq mənasına gəlmədiyi kimi terapiya almaq da zəiflik deyil.
Bu özünə diqqətin və dəstəyin bir formasıdır.
Özündən soruşa bilərsən:
“Diqqətə və dəstəyə ehtiyac duyuram?”
Cavab həmişə aydın olmaya bilər amma bu sualın özü belə bir başlanğıcdır.