İnsan psixoloq axtarmağa qərar verəndə içində adətən çox sadə arzu olur:
“Biri məni başa düşsün.”
Sanki bu “başa düşülmək” bir çox vəziyyətin açarı olacaqmış kimi.
Bilirsən, bu sualın tək, obyektiv cavabı yoxdur çünki terapiya dediyimiz yer əslində “uyğunluqdur”.
Bir insan üçün “ən yaxşı” olan psixoloq, başqa biri üçün heç uyğun olmaya bilər.
Amma yenə də bəzi göstəricilər var ki, səni özünə daha uyğun bir mütəxəssisə yaxınlaşdıra bilər.
Yaxşı psixoloq nə deməkdir?
Yaxşı psixoloq səni “düzəltməyə” çalışan biri deyil.
O, səni dinləyən, anlamağa çalışan və daxili dünyana maraqlı olan biridir.
Səni tələsdirmir.
Sənə hazır cavablar vermir.
Sənin yerinə qərar vermir.
Əksinə sənin özünü eşitməyin üçün yer yaradır.
Özünü necə görməyindən asılı olmayaraq səni yetişkin kimi görür, yetişkin qadın və ya yetişkin kişi.
Sənə hörmət edir, görüşünüzə (xüsusi hallar olmadıqca) vaxtında gəlir, vaxtında bitirir, görüş müddətində bütün diqqəti sadəcə sizdə olur (xüsusi hal varsa bunu sizə uyğun şəkildə bildirir).
Yaşadıqlarınızı (bəlkə 3 il əvvəl danışdığınız bir şey belə olsa) yadında saxlayır.
Bəzən sənə əslində dinamikalarına “qarşı gəlir” və bununla yanaşı qarşında yox yanında olur (hətta bunu edəndə belə).
İkinizin münasibəti üzərinə danışmaqda rahat olur çünki daxilindəki bir çox dinamikanı psixoloqunla münasibətinə də gətirəcəksən və bu normaldır.
Bəzən insanlar düşünür ki, yaxşı psixoloq çox danışandır, çox məsləhət verəndir amma əslində terapiya məsləhət verməklə əlaqəsi olmayan dərin bir prosesdir.
Bu sənin hisslərinin, düşüncələrinin və təkrarlanan həyat hadisələrinin yavaş-yavaş açıldığı yerdir.
Terapiya necə işləyir?
Terapiya “sürətli həll” deyil.
Bu həm özünlə amma həm də psixoloqunla zamanla qurulan münasibətdir.
Sən orada təkcə baş verənləri danışmırsan, özünlə əslində isə xəbərin belə olmadan səndə var olan “kimliyinlə” tanış olursan.
Məsələn dəyişim istəyərək gəldiyin terapiyada ən böyük müqavimətinin elə dəyişimə olduğunu və bunun hərəkətlərinə özün də bilmədən yansıdığını öyrənmək və şüurlu seçimlər etməyə başlamaq kimi.
Bəzən bir görüşdə “heç bir dəyişiklik” hiss etməyəcəksən, bəzən çox böyük bir şeylər baş verəcək çünki terapiya “görüşlər” şəklində olan bir “proses”dir.
Məhz bu səbəbdən zaman keçdikcə içində yaranan fərqi hiss etməyə başlayırsan:
– bəzi reaksiyalarını daha yaxşı anlayırsan
– bəzi hisslərin artıq səni qorxutmur
– bəzi seçimlərin daha şüurlu olur
Terapiya çox vaxt səssiz şəkildə işləyir.
Psixoloq seçərkən “red flag”lər
Bəzi hallarda isə daxili hissin nəyinsə sənə uyğun olmadığını deyə bilər və bu hissə diqqət etmək vacibdir.
Məsələn:
– Psixoloq sizi tez-tez kəsir və ya tam dinləmir
– Sizə hazır məsləhətlər verir
– Sizin hisslərinizi kiçildir və ya “buna görə üzülməyə dəyməz” deyir
– Hər hansı məsələdə günahlandırır
– Öz fikirlərini sizə qəbul etdirməyə çalışır
– Sərhədlər qeyri-müəyyəndir (məsələn, seans strukturu aydın deyil)
Terapiyada siz özünüz kimi ola bilməlisiniz.
Əgər bunu edə bilmirsinizsə bu artıq vacib bir siqnaldır.
Bəlkə də ən vacib hissə
Psixoloq seçmək sadəcə “yaxşı mütəxəssis tapmaq” deyil.
Bu bir növ özün üçün “yer seçmək”dir.
Orada sən “zəif” ola biləcəksən?
Orada sən həqiqətən görünəcəksən?
Orada sən tələsmədən, öz tempində ola biləcəksən?
Bəzən bunu ilk seansdan hiss edirsiniz.
Bəzən isə bir neçə görüş lazımdır.
Uyğun psixoloqla olanda isə iç dünyanda qəribə bir sakitlik hökm sürür:
nəhayət danışa bilirəm.
Psixoloqların da sizi seçdiyini unutmayın, terapiyanın uğurlu olması üçün axtardığınız uyğunluq sadəcə sizin “uyğun psixoloq” tapmağınızla olmur, həm də psixoloqunuz müəyyən məsələlər əsasında bu uyğunluğu öz tərəfindən dəyərləndirir və həqiqətən uyğun hesab edirsə terapiyanız başlayır.
Gözəl Həyatlar!