Biz bir çox zaman özümüzü anlamağa çalışır, nə hiss etdiyimizi düşünür, düşüncələrimizi analiz edir, videolar izləyib, kitablar oxuyuruq.
Bütün bunları isə adətən tərəddüdlə edirik çünki zehnimizi məşğul edən o sual düşüncələrimizdə dönür dolanır: psixoloji toqquşma yaşadığım yerləri, daxili konfliktlərimi, qərarsızlıqlarımı, baş etməkdə ya da daşımaqda çətinlik çəkdiyim məsələlərimi özüm həll edə bilərəmmi?
Özünü anlamaq mümkündürmü?
Bəli, əlbəttə.
İnsan özünü müşahidə etməyi, reaksiyalarını görməyi, daxili dünyasına baxmağı zamanla öyrənə bilər. Səhər Vərəqlərini (Julia Cameron “Sənətçinin Yolu”) yazmaq, individual terapiya, özünə müxtəlif yollarla edilən köməklər bu prosesi daha əlçatan və sadə edir.
Bir şeyi görmək, adlandırmaq və ya özünə etiraf etmək belə çox şeyi dəyişməyə başlayır.
Bəs niyə hər şeyi tək həll etmək olmur?
Çünki insan həyatı həm yaşayır, həm də yaşadıqlarına, özünə baxmağa çalışır. Adətən tətikləndiyimiz, həssas olduğumuz yerlər, psixikamızın istifadə etdiyi qoruma mexanizmləri isə “kor nöqtələrimiz” ola bilir.
Özümüzü qorumaq üçün heç özümüz də bilmədən bəzi şeyləri görməməyə çalışırıq yəni, bu şəkildə məruz qaldıqlarımızı daşıya bilirik.
Bu səbəbdən özünə-kömək bəzən kifayət etmir.
Özünə-kömək faydalı ola bilər, bizə müəyyən fərqindəliklər qazandıra bilər, bununla bərabər niyə belə hiss etdiyimizi başa düşüb amma yenə də kor nöqtələrimiz varsa eyni döngünün içində qala bilərik.
Psixoloq burada nəyi dəyişir?
Psixoloq bizim kor nöqtələrimizə işıq salan, bizə özümüzü göstərən mütəxəssisdir. Ordakı dinamikalar, təkrarlanan duyğu və düşüncələr, bir-birilə əlaqəli nöqtələr, bunun həyatımıza özümüz də bilmədən yansıma şəkli və s.
Bu o deməkdir ki, insan tək heç nə edə bilməz?
Xeyr.
İnsanın öz üzərində düşünməsi, özünü müşahidə etməsi əlbəttə ki, çox qiymətlidir. Günün sonunda isə biz insanıq, iişdiyimiz məsələlərdə “başqa göz” mütləqdir, bu bəzən terapiya, bəzən isə “Özümlə Görüşürəm” kimi kor nöqtələrimizi görməyə kömək edən özünə-kömək vasitələri ilə ola bilər.
Psixoloji vəziyyətlərini tək həll etməyə çalışmaq zəiflik deyil, bununla bərabər hər şeyi tək daşımağa çalışmağa da məcbur olmadığını həmişə xatırla.