İntihar haqqında olan düşüncələr bildiyimizdən və düşündüyümüzdən daha geniş yayılıb amma yenə də bunun haqqında danışmaq, prosesin içinə baxa bilmək çox təəssüf ki, tabu olaraq qalır.
İntihar istəyi əslində nədir?
İntihar istəyi əslində yaşamaqdan imtina etmək deyil. Bu, artıq daşımaqda çətinlik çəkdiyin daxili ağrının bitməsini istəməkdir.
Niyə intihar düşüncələri yaranır?
Bəzi duyğu və düşüncələr o qədər ağır olur ki, zehin sanki bunu dayandırmağın yeganə yolu kimi intiharı göstərə bilər amma bu, “başqa yol yoxdur” kimi hiss etdiyin bir vəziyyətdir, reallığın özü deyil.
Niyə bəzən intihar tək yol kimi görünür?
İnsan başqa çıxış yolu görmədikdə bu düşüncələr daha inandırıcı olur. Bu anlarda zehin yalnız bir ehtimala fokuslanır və onu “yeganə yol” kimi təqdim edir. Bu hiss çox inandırıcı ola bilər amma bu o demək deyil ki, başqa yol yoxdur.
İntihar haqqında düşüncələrin olması normaldırmı?
Belə düşüncələrin yaranması bəzən zehinin verdiyi reaksiyadır amma bu o demək deyil ki, insan bu düşüncələrlə tək qalmalıdır.
Əksinə, bu, dəstəyə ehtiyac olduğunun bir siqnalıdır.
Əgər intihar haqqında olan düşüncələr güclənirsə və ya plan halını alırsa, bu artıq təcili diqqət tələb edən bir vəziyyətdir.
Bu halda:
→ Təcili Tibbi Yardımla (103) əlaqə saxla
→ tək qalmamağa çalış
→ yaxın birinə xəbər ver
Bu anlarda əsas odur ki, özünü qoruyasan və tək qalmayasan.
Bu vəziyyət dəyişə bilərmi?
Bəli.
Bu düşüncələr o an çox inandırıcı gəlsə də,
əslində dəyişə bilən daxili proseslərin bir hissəsidir.
Peşəkar dəstək aldıqca insan:
• duyğularını daha yaxşı daşımağı
• fərqli şəkildə düşünməyi
• daxildə daha çox tarazlıq tapmağı
öyrənə bilir.
İntihar fantaziyası intihar duyğu və düşüncələrindən fərqlidir?
Bəli, burda daha çox fantaziyanın “içinə” baxmaq lazımdır. Bu fantaziyanı qurduğun zaman təsəvvürünə gələn səhnələr nələrdir? Bu səhnələrdə yaşanan emosiyalar hansılardır? Bu fantaziyalar adətən necə bir ehtiyac içində olduğunu sənə göstərir. Məsələn, insanların səni itirdiyinə görə peşman olduqlarını təsəvvür edirsənsə, bəlkə də görülmək, dəyərli hiss etmək kimi ehtiyacların önə çıxır. Bu ehtiyaclar vacibdir. İntihar haqqında sadəcə fantaziyaların olduğunda belə bu psixoloji kömək almağının lazım olduğunu göstərir.