Psixoloji dəstək haqqında 7 mif
Psixoloqa getmək haqqında çox insanın ağlında suallar olsa da adətən bu suallar açıq şəkildə verilmir və zehnimiz bu cavablanmayan suallarla qalır.
Bu səfər də cavabların yerini miflər doldurur, nəticədə isə bu vəziyyət bir çox insanın dəstək almağı gecikdirməsinə səbəb olur.
1. “Psixoloqa ancaq çox pis vəziyyətdə olanda gedirlər”
Bu, ən çox yayılmış miflərdən biridir.
Psixoloqa getmək üçün “çox pis” hiss etməyi gözləmək lazım deyil.
Bəzən insan özünü daha yaxşı anlamaq, eyni döngüləri niyə yaşadığını görmək və bunu qırmaq, daxilində hiss etdiyi ağırlığı aydınlaşdırmaq istəyir və bu terapiyaya başlamaq üçün artıq kifayətdir.
2. “Özüm həll etməliyəm”
Bir çox insan düşünür ki, öz problemlərini özü həll etməlidir amma bəzən insanın özünü, daxilində baş verənləri görməyi çox çətin olur.
Daha ağır şeylər yaşadığımızda özümüzə baxmağımız ümumiyyətlə çətindir çünki psixologiyamız özünü qorumaq üçün “qoruma mexanizmlərinə” sahibdir. İnsan ağır hadisələr yaşadığında müdafiə mexanizmləri işə düşərək həmin yerləri bizim “kor nöqtəmizə” çevirir, nəticədə özümüzün bu yerləri görməyimiz çox çətin olur. Bu çox normal haldır və psixoloqların da digər həmkarları tərəfindən terapiya almasının ən böyük səbəblərindəndir.
*Qoruma Mexanizmlərimiz haqqında detallı proqram hazırlamışam, proqramdan həm qoruma mexanizmlərini bütün dərinliyi ilə öyrənmək istəyən insanlar və həmkarlarım yararlana bilərlər:
bax -> leylagasimova.com -> programlar -> qoruma mexanizmləri
3. “Psixoloq mənə nə edəcəyimi deyəcək”
Bu ən böyük və ən geniş yayılmış miflərdən biridir halbuki psixoloji dəstək məsləhət vermək deyil. Danışanı anlamaq, onun daxili proseslərini, dinamikalarını görmək, şüur kənarı kor nöqtələrini zamanla gün üzünə çıxarmaqdır. Proses irəlilədikcə danışan özü “öz həllərini” onsuz da yaradır.
4. “Danışmaq heç nəyi dəyişmir”
Ağlımızdakıları dilimizə tökmək dərin prosesdir, insanlar bəzən məruz qaldıqları hadisələri səsləndirərkən buna uyğun söz və ifadə tapmaqda çətinlik çəkirlər. Zamanla danışmağı, uyğun sözləri seçməyi öyrənirik və bu hadisələri zehnimizin həzm etməsinə yəni “donmaq” halına kömək ola bilir. Qarşındakının səni həqiqətən dinləməsi, sənə yer verməsi isə bir çox daxili dinamikaları ortaya çıxaran və dəyişdirə bilən prosesdir.
Məsələ nəinki danışmaq amma danışarkən arxa fonda baş verənlərdir. Ortaya çıxan dinamikaları psixoloqun izləməsi, öz zehnində bir çox nüansları da dəyərləndirərək bu yerləri əlaqələndirməsi, uyğun zamanlarda və yerlərdə bunu danışana uyğun formada təqdim etməsi, üzərinə bərabər düşünmək, illərlə basdırılmış duyğulara təmas edilməyə başlanılması və bunun kimi ya da bundan fərqli daha neçə nüanslar.
Bu proseslə birlikde danışan zamanla nəinki daxili proseslərini öyrənir həm də məruz qaldıqlarına baxmayaraq bunların ətrafında özünə bir həyat qurmağa, yaşamağa başlayır.
5. “Psixoloqa getsəm, deməli zəifəm”
Cəmiyyət olaraq güclü olmaq ya da güclü görünmək kimi bir düşüncəmiz var. Təbii ki, bir çox insan güclü görünməyə çalışırsa əslində zəif hiss elədiyini bilmir, bunu basdırır. Bu tipik qoruma reaksiyasıdır və başa düşüləndir.
Çünki terapiyaya getmək bizim zəif, köməksiz, çarəsiz hiss etdiyimiz yerləri gün üzünə çıxarır və hər insan bu yerlərlə üzləşməyə, bu yerlər haqqında düşünməyə, burdakı duyğulara təmas etməyə hazır olmur.
Məhz bu səbəbdən “terapiyaya zəiflər gedir, insan özü-özünün psixoloqu olmalıdı” deyib zəif hiss edə biləcəkləri yerdən özlərini ayrı tuturlar və kömək ala bilən insanları da bu deyimlə özləri də bilmədən utandırmağa çalışırlar.
Əslində isə bu onların daxilindəki səsdir, “köməyə ehtiyacın var? ahh necə zəifsən”.
Bu səsə ən çox məruz qalan isə yenə də bu insanların özüdür.
6. İnsan özünün psixoloqu olmalıdır
Psixoloqların belə psixoloqlarının olduğu, illərlə terapiya aldıqları bir sistemdə bu cümləni söyləmək çox savadsız səslənir. İnsan bir çox yerlərdə əlbəttə psixoloq olub-olmamağından asılı olmayaraq özünü, psixoloji vəziyyətini tənzimləyir və bu normaldır amma bu “insan özü-özünə psixoloqluq edir” mənasına qətiyyən gəlmir. Terapiya bu qədər sadə bir proses deyil.
7. “Bir neçə seans kifayətdir”
Hər hansı vəziyyət birdən-birə yaranmayıb ki, birdən-birə də “yoxa çıxsın”. 3-5 seans görüşü əlbəttə bir çox qalıcı fərqindəliklər yarada bilər amma dəyişim üçün kifayət deyil. Bu özümüzdən, psixoloqumuzdan, terapiya prosesimizdən olan qeyri-real gözləntimizdir. Dəyişim prosesdə olmaq deməkdir və prosesdə olmaq o qədər ağır gəlir ki, tez bitsin istəyirik, tez yekunlaşsın. Bu arzu başa düşüləndir və real deyil.
Terapiya alıb-almamaq digər hər seçimimiz kimi müəyyən məsuliyyətləri olan bir seçimdir. Bu seçimə isə miflərin deyil gerçəkliklərin cavab olduğu yerdən qərar verə bilmək çox önəmlidir.